ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabı çapdan çıxıb
Bakı, 23 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Gəncə Bölməsi və Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə ərsəyə gələn kitabda Ziyadoğlu-Qacarlar nəsli və onun görkəmli nümayəndəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan haqqında tarixi mənbələrə əsaslanan məlumatlar – Cavad xanın əcdadları və nəvə-nəticələri, Gəncə uğrunda onun işğalçılara qarşı göstərdiyi şücaətlər və digər maraqlı faktlar təqdim olunub.
Nəşrin tərtibçisi Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır. O, həmçinin kitabda yer alan farsdilli mətnin tərcüməçisi, şərhlərin və ön sözün müəllifidir. Kitabın rəyçisi isə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.