ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 19 aprel, AZƏRTAC
Gürcüstanın Beynəlxalq Qafqaz Universitetində “Gürcüstan-İran siyasi, iqtisadi və mədəni əlaqələri”nə dair IV və V beynəlxalq onlayn elmi konfrans keçirilib. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda Ə.Bağırov “Təzkireyi-Nəvvab” XIX əsr Qarabağ ədəbi mühitinin əhəmiyyətli bilikləri” adlı məruzə ilə çıxış edib. Alim təzkirənin fars dilində yazıldığını nəzərə alaraq onun orijinal (Azərbaycan) dildə nəşr olunmasının planlaşdırıldığını vurğulayıb. Bu nəşrin İranla Azərbaycan arasında ədəbi əlaqələrin və əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.
Qeyd edək ki, elmi konfrans Beynəlxalq Qafqaz Universiteti (Gürcüstan) və İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə baş tutub.