CƏMİYYƏT
Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib
Bakı, 3 iyun, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondunda (ADIF) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədilə qanvermə aksiyası keçirilib.
ADIF-dan AZƏRTAC-a bildirilib ki, hazırda respublikamızda yüzlərlə qan xəstəliklərindən əziyyət çəkən uşaqların köməyə ehtiyacları var və onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək vermək, eyni zamanda, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım edərək onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Əmanətlərin Sığortalanması Fondunda könüllü olaraq tədbir keçirilib. Fondun əməkdaşları yüksək həvəs nümayiş etdirərək qana ehtiyacı olan uşaqlara kömək məqsədilə aksiyada fəal iştirak ediblər. Əməkdaşlar ilk öncə ümumi qan analizi verdikdən sonra tibbi müayinədən keçib və hər hansı bir infeksion xəstəliyə rast gəlinmədiyi təqdirdə qanverməyə qoşula biliblər.
Aksiyada iştirak edən əməkdaşlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermənin xeyirxah və savab iş olduğunu vurğulayaraq, bu tipli aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. Sosialyönümlü aksiya mövcud pandemiya vəziyyəti ilə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.