DÜNYA
“Amazon” şirkəti Pentaqon ilə 10 milyard dollarlıq kontrakt barədə tenderi uduzub
Vaşinqton, 10 dekabr, AZƏRTAC
“Amazon” şirkəti Pentaqon ilə 10 milyard dollarlıq kontrakt barədə tenderi uduzmasının təqsirini şəxsən Prezident Donald Trampda görür.
AZƏRTAC xəbər verir ki, şirkətin hüquqşünasları bu yaxınlarda müvafiq məhkəmə sənədlərinə istinad ediblər. Onlar bildirirlər ki, Prezident Tramp ABŞ Müdafiə Nazirliyinin qərarına təsir göstərmək üçün öz hakimiyyətindən istifadə edib, çünki Prezidentin bu şirkətlə və onun baş direktoru, eyni zamanda “Washington Post” qəzetinin sahibi olan Ceff Bezos ilə “şəxsi ədavəti” var.
Tramp öz “Tvitter” səhifəsində tez-tez “Amazon” şirkətini və şəxsən Bezosu vergidən yayınmalarına görə, Bezosa məxsus olan “Washington Post” qəzetini isə indiki administrasiya ilə bağlı xəbərləri qərəzli mövqedən işıqlandırdığına görə tənqid edir. ABŞ Müdafiə Nazirliyi üçün 10 milyard ABŞ dolları dəyərində hesablama sistemləri yaradılması barədə yetərincə mənfəətli olan “Müəssisənin birləşmiş müdafiə infrastrukturu” (JEDİ) kontraktı 2019-cu il oktyabrın 25-də “Microsoft” şirkəti ilə bağlanıb.
“Amazon Web Services (AWS)” şirkəti abunəçilərə həm infrastruktur modeli xidmətləri (virtual serverlər, saxlama resursları), həm də platforma səviyyəli xidmətləri (bulut məlumat bazaları, əlaqələndirici bulut proqram təminatı, serversiz bulut hesablamaları, tədqiqat vasitələri) təqdim edir. Pentaqonun bu qərarı elan edilənə qədər ekspertlərin çoxu hesab edirdi ki, bu kontrakt üçün ən yaxşı seçim AWS-dir. AWS ölkədə ən iri bulut hesablama platformalarından biridir və hazırda Mərkəzi Kəşfiyyat İdarəsi ilə işləyir.
Pentaqon bu kontraktın “Microsoft” şirkətinə verilməsi barədə qərarını elan edəndən sonra AWS həmin qərardan Federal İddialar Məhkəməsinə şikayət edərək göstərib ki, şirkətin seçilməməsinə səbəb ABŞ Prezidenti tərəfindən göstərilən əsassız təzyiqdir.
Müdafiə Nazirliyinin mətbuat katibi Elissa Smit bildirib ki, qərar qəbul edilməsi prosesi “kənar təsirlərdən azaddır”. Ötən ay keçirilmiş mətbuat konfransında müdafiə naziri Mark Esper də Pentaqonun qərarını dəstəkləyərək bildirib ki, “kontraktın bağlanması ədalətli olub”.
Tenderdə “Amazon” və “Microsoft” ilə yanaşı, “Google”, “Oracle”, “IBM”, “Rean Cloud”, “Hitachi Data Systems” kimi digər məşhur şirkətlər də iştirak ediblər. On il müddətinə imzalanmış kontraktda ABŞ Müdafiə Nazirliyinin texnoloji baxımdan daha da təkmilləşdirilməsinə yönəlmiş “Müəssisənin birləşmiş müdafiə infrastrukturu” (JEDİ) sistemi yaradılması nəzərdə tutulur. Müdafiə Nazirliyi özünün köhnəlmiş kompüter şəbəkələrini vahid bulut sistemi ilə əvəz etmək istəyir. Kontrakta əsasən “Microsoft” süni intellekt əsasında təhlil aparacaq və məxfi hərbi məlumatları başqa serverlər arasında yerləşdirəcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton