REGİONLAR
Əməkdar artist Azad Şükürov: Doğma torpaqlara gəldiyim üçün sevinc və qürur hissi keçirirəm VİDEO
Ağdam, 13 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Böyüyüb boya-başa çatdığım yerləri belə viran görmək mənim üçün asan deyil. Gözəl yurdumuz yerlə-yeksan edilib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və bədii qiraətçi Azad Şükürov deyib. O, eyni zamanda, uzun illərdən sonra azad edilmiş torpaqlara gəldiyi üçün böyük sevinc və qürur hissi keçirdiyini bildirib: “Torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə çox-çox minnətdaram. Allahdan şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıram. Artıq Ağdam tikilməyə başlayıb. Qarabağ yenidən qurulur. Qarabağımızı yenidən tikən, quran hər bir kəsə də minnətdarlığımı bildirirəm. İçimdə bir sevinc, qürur hisi var. Biz doğma torpaqlarımıza qayıtmışıq. Biz bu torpaqları yenidən quracağıq. İnanıram ki, burada böyük mədəniyyət hadisələri baş verəcək və mən də bir mədəniyyət xadimi kimi bu yolda əlimdən gələni əsirgəməyəcəm”.