DÜNYA


Amerikalı jurnalistin Azərbaycanda tolerantlıq ənənələri barədə məqaləsi dərc edilib

Vaşinqton, 14 may, AZƏRTAC

“International Observatory of Human Rights” təşkilatının saytında amerikalı jurnalist və siyasi icmalçı Adel Nazarianın məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycanda tolerantlıq ənənələrindən, Azərbaycan hökumətinin çoxkonfesiyalılığı və digər etnik qruplara hörmətli münasibəti təşviq edən siyasətindən bəhs olunur.

Bu yaxınlarda Bakıda keçirilmiş Mədəniyyətlərarası dialoq üzrə V Ümumdünya Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olub müəllif qeyd edir ki, BMT üzvü olan ölkələrin liderləri həmin forumda əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi respublikanın dünyanın qeyri-sabit hissəsində başqa millətlər üçün model rolunu daha da möhkəmlətməsi, bütün dünyada zorakı ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Nazarian qeyd edir ki, Bakıda Kaliforniya ştatının Los-Anceles şəhərindən olan yerli icmaların liderlərindən ibarət nümayəndə heyəti ilə birgə olub. Nümayəndə heyətinə iki ravvin, bir yepiskop, Pakistan-Amerika icmasının üzvləri, Obama Administrasiyasının keçmiş üzvü və iki jurnalist daxil idi.

Azərbaycanın coğrafi mövqeyi, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi barədə söhbət açan müəllif yazır ki, köhnəliklə yeniliyin üzvi şəkildə əlaqələndirildiyi bir məkan olan Bakı şəhərinin bəzi hissələrində müasir uca binalar fonunda tarixi tikililər qalıb. Postsovet məkanında əhalisinin əksəriyyəti müsəlmanlar olan bütün respublikalar arasında zəngin tarixi regionda yerləşməsi ilə fərqlənən Azərbaycanda dini etiqad azadlığı azərbaycanlılar üçün mühüm amildir.

Nazarian daha sonra nümayəndə heyətinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycanın gələcək imamları və ilahiyyatçıları hazırlanan Bakı İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru vəzifəsini icra edən Rəvan Həsənovla, habelə Bakıdakı dağ yəhudiləri sinaqoqunda görüşlərindən aldığı təəssüratları bölüşür.

Azərbaycan hökumətinin “cəmiyyətdə dini dözümlülüyün və həmrəyliyin təşviqi üçün hər il dini qurumlara külli məbləğdə vəsait ayırdığını” vurğulayan Adel Nazarian qeyd edir ki, Bakıdakı Heydər Məscidi şiə və sünni məzhəbli müsəlmanların birlikdə cümə namazı qıldıqları yeganə məsciddir.

Müəllif yazır ki, Bakının mərkəzində ucaldılmış “Azad qadın” heykəli əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkələrdə məcburi sayılan çadra örtülməsinə qarşı mübarizə əlaməti və qadın azadlığı hərəkatının mühüm rəmzlərindən biridir.

Müəllif daha sonra Azərbaycandakı yəhudi icması barədə yazır. O qeyd edir ki, Azərbaycanda yəhudilər 2 min ildən çoxdur ki, yaşayır. Yaxın Şərqin digər ölkələrində və Avropa ölkələrində yəhudi əhalinin sürətlə azalması müşahidə olunduğu halda Azərbaycanda yəhudi əhali dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunub. Əhalisinin əksəriyyəti müsəlmanlar olan heç bir başqa ölkədə yəhudilər bu dərəcədə inkişaf etməyib. Bundan əlavə, Azərbaycan İsrail dövləti ilə sıx diplomatik əlaqə saxlayır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.