REGİONLAR


Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Göyçay və Ucarda vətəndaşları qəbul edib

Bakı, 13 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların müraciətlərini fərdi qaydada dinləmək, təkliflərini nəzərə almaq, problemlərini operativ formada həll etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi Göyçay və Ucar rayonlarında vətəndaş qəbulu keçirib.

Komitədən AZƏRTAC-a bildirilib ki, komitə sədri Kərəm Həsənov iyulun 13-də Göyçay rayonunun Heydər Əliyev Mərkəzində, sədr müavini Rüstəm Şahbazov isə Ucar rayonunda vətəndaşlarla görüşüb.

Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçən qəbulda K.Həsənov tərəfindən bütün müraciətlər diqqətlə dinlənilib. Əksər məsələlər elə yerindəcə öz müsbət həllini tapıb. Digər müraciətlər nəzarətə götürülüb və qısa zamanda, qanunvericiliyə uyğun şəkildə həll olunması ilə bağlı komitə sədri tərəfindən göstərişlər verilib. Səsləndirilən bir neçə müraciətin komitənin fəaliyyət istiqamətinə aid olmaması vətəndaşlara izah edilib və digər qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Komitə rəhbərliyinə ünvanlanan müraciətlərin mövzuları əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlaklarının özəlləşdirilməsi, torpaqlardan faktiki istifadə qaydaları ilə bağlı olub. Eyni zamanda, torpaqların kadastr uçotuna alınması, ölçülərinin müəyyən olunması, hərraclarda iştirak kimi məsələlərə aid müraciətlər də səsləndirilib.

Torpaqların təyinatına uyğun istifadəsindən danışan komitə sədri bildirib ki, bu istiqamətdə qanunvericiliyə riayət olunması ilə bağlı tədbirlər gücləndirilib. Paytaxt və regionlarda monitorinqlər aparılır və mənfi halların aradan qaldırılması sahəsində işlər görülür.

Qəbuldan sonra keçirilən iclasda K.Həsənov qeyd edib ki, vətəndaşlara hər bir struktur bölmədə yüksək səviyyəli xidmət göstərilməli, komitə əməkdaşları tərəfindən bütün müraciətlərə qayğı və həssaslıqla yanaşılmalıdır. Fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluq, əlçatanlıq və çevikliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Sədr müavini R.Şahbazov tərəfindən keçirilən vətəndaş qəbulunda da bütün müraciətlər diqqətlə dinlənilib. Qəbul iştirakçılarının müraciətlərinin operativ və qanunauyğun şəkildə həlli ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, komitə sədrinin müavini Rafiq Cəlilov tərəfindən vətəndaş qəbulu iyulun 27-də Zərdab rayonunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.