REGİONLAR
Ən ucqar dağ rayonu olan Lerikdə badam əkininə maraq artır VİDEO
Lerik, 11 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Ən ucqar dağ rayonu olan Lerikdə badam əkininə maraq artır.
AZƏRTAC xəbər verir ki, badamın dəniz səviyyəsindən 1600-1700 metr yüksəklikdə Lerikin Zuvand bölgəsində yetişdirilməsi ideyasının müəllifi görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev olub. Bu diyarın vurğunu olan alim Zuvandı ecazkar bir möcüzə adlandırırdı. 18-19-cu əsrlərdə fransız və alman alimlərinin də marağında olan bu ərazidə akademik Həsən Əliyevin təşəbbüsü ilə 1975-ci ildə 7 hektar badam bağı salınıb.
Ekoloji təmiz məhsul olan badamın tərkibində protein, zülallar və omeqa turşuları çoxdur. Sağlamlıq üçün faydalı və böyük iqtisadi səmərəliliyi olan badam bağlarının arealını genişləndirmək mümkündür. Bununla bağlı Genetik Ehtiyatlar İnstitutunun tingçilik təsərrüfatında iş aparılır.
Divağac kənd sakini Kamal Məmmədovun da digər meyvə ağacları ilə yanaşı, 1 hektar badam bağı var. Deyir ki, dədə-baba sortu olduğundan bu ağaclar uzunömürlüdür. O, bağa lazımi qulluq edir, meyvəsini satır, yaxşı gəlir götürür: “Bu badam ağacının 50 ilə yaxın yaşı var. İki dəfə cavanlaşdırılıb, yəni budanıb. Bu, 100 il də yaşaya bilər. Başqa yerdən gətirib əkməyə ehtiyac yoxdur. Uzunömürlü olduğuna, həm də bölgənin iqliminə uyğun gəldiyinə görə bizim üçün badam ağacı əkmək əlverişlidir. Məhsulumuzu yığıb satırıq. Satışda da heç bir problem yoxdur”.
Onun sözlərinə görə, badam bağlarının salınmasına maraq ilbəil artır. Bu işlə məşğul olmaq istəyən yerli sakinlər ondan bəzi məsləhətlər də alırlar.
Badam ağaclarının toxumları yığılaraq Genetik Ehtiyatlar İnstitutunun genetika bankına təhvil verilir. Mütəxəssislər deyirlər ki, uzunömürlü badam ağaclarının arealını genişləndirməklə, dünya alimlərinin də diqqətini bu bölgəyə çəkmək olar.