CƏMİYYƏT
“Ən zəngin ev kitabxanası olan ailə” adlı fotomüsabiqə elan olunub
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər.
Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən ailə üzvü ev kitabxanasının fotoşəklini çəkib 2018-ci il 30 avqust tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilər.
Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.
Müsabiqəyə fotolar 2048/1536 ölçüdə təqdim olunmalıdır; fotolara zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, ünvan) qeyd edilməlidir; hər ailə müsabiqəyə iki foto təqdim edə bilər. Təşkilat Komitəsi yalnız orijinal fotoları qəbul edəcək.
Qeyd edək ki, Təşkilat Komitəsinin üzvləri tərəfindən qalib seçilmiş ailənin ev kitabxanasına baxış keçirilməsi nəzərdə tutulur.
Əlavə məlumat üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna - (012) 539 11 91, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (012) 493 79 62 zəng edə bilərsiniz.