İQTİSADİYYAT
Ana sağlamlıq imkanı məhdud olan uşağa görə vergi güzəştindən istifadə edə bilərmi?

Bakı, 7 aprel, AZƏRTAC
Sağlamlıq imkanı məhdud olan uşağa görə anaya vergi güzəşti tətbiq edilirmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Məlumata əsasən, bu güzəşt hüququ himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı, ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı, uşağın doğulması haqqında şəhadətnamənin surəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı kimi sənədlərdən birinin təqdim edildiyi vaxt yaranır.