İDMAN
Anastasiya Davıdova: Biz Azərbaycan komandasını layiqli rəqib sayırıq VİDEO
Moskva, 4 iyun, AZƏRTAC
Bakıda Birinci Avropa Oyunlarında bizim üç əsas rəqibimiz olacaq: Böyük Britaniya, Almaniya və Azərbaycan komandaları. Qəbul edən tərəf həmişə yaxşı hazırlaşır. Biz Azərbaycan komandasını layiqli rəqib sayırıq. Bu sözləri Rusiya komandasının Bakıya birinci Avropa Oyunlarına təntənəli yola salınması mərasimində Rusiya Olimpiya Komitəsinin baş katibi, sinxron üzgüçülük üzrə beşqat Olimpiya, onüçqat dünya və yeddiqat Avropa çempionu Anastasiya Davıdova söyləyib. O bildirib ki, Rusiya yığması ümumkomanda hesabında liderlik uğrunda mübarizə aparacaq.
A.Davıdova deyib: “Biz Bakıda Avropa Oyunlarının çox yüksək səviyyədə keçiriləcəyini gözləyirik. Mən noyabrda Azərbaycanda olmuşam. Bakının birinci Oyunlara necə hazırlaşması, tikilən idman obyektləri məni heyran qoydu. Heç şübhəsiz, birinci Oyunlar Avropanın və Olimpiya hərəkatının tarixinə yazılacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva