İQTİSADİYYAT
Andrey Smolentsev: “CATEF-2013” sərgisində işimizin nəticələrindən razıyıq
Bakı, 13 aprel (AZƏRTAC). Biz “CATEF-2013” I Xəzər beynəlxalq su texnologiyaları sərgisində iştirakımızdan və işimizin nəticələrindən razıyıq. Şirkət dəfələrlə öz məhsullarını ötən “BakuBuild” və “AquaTherm” sərgilərində nümayiş etdirmişdir. Həmin tədbirlərin müsbət nəticəsi kimi təkcə uğurlu təşviqat aksiyalarını deyil, həm də “Azərsu” ASC-nin nümayəndələri ilə tanış olmağımızı və ölkədə artıq bərqərar olmuş işgüzar fəaliyyətimizi qeyd etmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Ekolayn” şirkətinin Biznesin inkişafı şöbəsinin rəhbəri Andrey Smolentsev bildirmişdir.
O qeyd etmişdir ki, “Ekolayn” mühəndislik və istehsal şirkətlər qrupu 1998-ci ildən etibarən bazarda uğurla fəaliyyət göstərərək tullantı suların təmizlənməsi üzrə avadanlıqların istehsalı ilə məşğul olur. Həyata keçirdiyimiz mürəkkəb və qeydi-standart layihələr üzrə qazandığımız iş təcrübəsi sayəsində fərdi kotteclər üçün tullantı suları təmizləmə sistemlərimiz iri qəsəbə və şəhərlər üçün nəzərdə tutulan nəhəng qurğularla rəqabət apara bilər. Biz istənilən layihənin işlənib hazırlanması, layihələndirilməsi və istehsalı, habelə quraşdırılması və zəmanət sonrası texniki xidmətlərin təmin edilməsi sayəsində bazardakı iştirak payımızı cəsarətlə genişləndiririk. “Azərsu” şirkəti ilə perspektivli əməkdaşlığı da məhz bunun nəticəsində qurduq və həmin şirkət üçün məişət-kommunal və istehsalat mənşəli tullantı suları təmizləyən “EKO-R” tipli təmizləmə qurğuları kompleksini layihələndirdik.