CƏMİYYƏT
Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərin birinci gününə yekun vurulub VİDEO
Bakı, 9 avqust, Nicat Məmmədov, AZƏRTAC
Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə avqustun 9-da Ankarada start götürən “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərin birinci gününə artıq yekun vurulub.
AZƏRTAC xəbər verir ki, təlimlərin birinci günündə fövqəladə vəziyyətlər zamanı peşəkarlığın artırılması, hava və dəniz əməliyyatları, xəritənin oxunması mövzularında məlumat verilib. Həmçinin təlim iştirakçılarının sualları cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.
Avqustun 20-dək davam edəcək təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Təlimlərdə AZƏRTAC-ın müxbiri Nicat Məmmədov da iştirak edir.
Təlimlərin məqsədi jurnalistlərin müharibə, təbii fəlakətlər, böhran və fövqəladə vəziyyətlər zamanı peşəkarlığının artırılmasıdır. Təlimlərdə müharibə, təbii fəlakətlər, fövqəladə vəziyyət və böhran vəziyyətlərində jurnalistlərin təhlükəsizliyi, davranış qaydaları və fəaliyyəti, müharibə nəzəriyyəsi və terminologiyası, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, ilk yardımın göstərilməsi, suda həyatda qalma, hava və dəniz əməliyyatları, xəritənin oxunması, sosial hadisələr, qaçqın düşərgələri, fövqəladə hallarda texnologiya və informasiya təhlükəsizliyi, inandırma strategiyaları, avtomobilin idarə olunması, girov götürülmə simulyasiyaları, pusqudan müdafiə üsulları, fövqəladə hallarda media idarəçiliyi, yayım prinsipləri və digər mövzularda 26 dərs keçiriləcək. Dərslərin 60 faizi praktiki hissədən ibarət olacaq. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərə də qatılacaqlar.
Təlimləri uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.
Anadolu Agentliyinin Xəbər Akademiyası tərəfindən 2012-ci ildən indiyədək təşkil edilən təlimlərdə 118-i əcnəbi olmaqla 327 media nümayəndəsi qatılıb.