İDMAN
Ankarada səmti müəyyənetmə idman növü üzrə Heydər Əliyev Kuboku uğrunda yarış keçirilib
Ankara, 2 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının və Türkiyənin Oryentirinq Federasiyasının birgə təşkilatçılığı ilə Ankarada səmti müəyyənetmə idman növü üzrə Heydər Əliyev Kuboku yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış iştirakçıları əvvəlcə Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərimizin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra iştirakçılar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uyuduğu “Anıtqəbir”i ziyarət ediblər.
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın vitse–prezidenti Pərvin Şərifov, Türkiyənin Oryentirinq Federasiyasının prezidenti Hacer Akyuz çıxış edərək yarışın əhəmiyyətini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətinin bütün dövrlərində idmanın inkişafına böyük diqqət və qayğı göstərib. Ölkəmizin idman ictimaiyyəti Ulu Öndərimizin əziz xatirəsini həmişə ehtiramla yad edir. Qardaş ölkədə Ümummilli Liderimizin xatirəsinə həsr olunan bu yarış da bunun bariz nümunəsidir.
Azərbaycanın Ankaradakı səfirliyinin də fəal dəstək verdiyi yarışın qalibləri mükafatlandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara