REGİONLAR
Anna Yusipova: Öz ölkəmdə keçirilən marafonda çoxminli iştirakçı arasında qaliblərdən biri olmaq qürurvericidir
Gəncə, 17 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə Marafonu-2017” mənim üçün uğurlu oldu. Bu vaxta qədər 4 dəfə ayrı-ayrı marafonlarda iştirak etməyimə baxmayaraq, ən yüksək nəticəni bu marafonda göstərə bildim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin qadınlar arasında ikinci yeri tutmuş Azərbaycandan olan iştirakçısı Anna Yusipova deyib.
Anna Yusipova bildirib ki, Bakı şəhərində keçirilən hər iki marafonun iştirakçısı olub. Bakı marafonunda ilk dəfə çıxışında 4-cü yerə, ikinci dəfə isə 7-ci yerə çıxıb.
Öz ölkəsində keçirilən marafonda çoxminli iştirakçı arasında qalib olmağın onun üçün həm də qürurverici olduğunu deyən Anna Yusipova, yüksəksəviyyəli yarışa görə təşkilatçılara minnətdarlığını bildirib.