MƏDƏNİYYƏT
Antalyada Azərbaycanın da fəxri qonaq qismində dəvət olunduğu Antalya səhiyyə turizmi sərgisi açılmışdır
Ankara, 3 mart (AZƏRTAC). Türkiyədə Azərbaycanın fəxri qonaq qismində dəvət olunduğu və 31 ölkənin iştirak etdiyi Antalya səhiyyə turizmi sərgisi açılmışdır.
Açılış mərasimində Türkiyənin tikinti və infrastruktur naziri Mustafa Dəmir, Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev, Antalya valisi Əhməd Altıbarmaq, Samsun valisi Hüseyn Aksoy və digər rəsmilər çıxış etmişlər.
Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Elsevər Ağayev bildirmişdir ki, Türkiyədə səhiyyə turizmi sektoru çox inkişaf etmişdir. Azərbaycanda da bu sahənin inkişafına böyük diqqət yetirilir. Ölkəmizin müxtəlif rayonlarında fəaliyyət göstərən sanatoriyaların maddi bazası gücləndirilmiş, yerli tursitlərlə yanaşı, təbii müalicə metodları ilə müalicə aparan bu səhiyyə ocaqları əcnəbi turistləri də qəbul edir.
Xarici ölkələrdən 600 səhiyyə turizmi şirkətinin iştirak etdiyi sərgidə Naxçıvan Muxtar Respublikasındakı duz mədəni bazasında fəaliyyət göstərən fizioterapiya xəstəxanasının təqdimatı böyük maraq doğurmuşdur.
Martın 5-dək davam edəcək sərgidə səhiyyə turizmi şirkətləri qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ikitərəfli görüşlər də keçirəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara