CƏMİYYƏT
Antarktidada aktiv qrunt sularının nəhəng sistemi aşkarlanıb
Bakı, 6 may, AZƏRTAC
Alimlər Rossa buzlağının şelfindən bəhrələnən, ən sürətli hərəkət edən axınlardan biri, eni təqribən 100 kilometr olan Uillans buzlu axınını tədqiq ediblər. Bundan əvvəlki tədqiqatlar buzun içində buzaltı göl və onun altında uzanan çöküntü hövzəsi aşkarlamışdılar. Altı universitetindən olan alimlərin yeni işi göstərib ki, çöküntü süxurlarında qrunt çaylarının və göllərinin yayılmış şəbəkəsi mövcuddur.
AZƏRTAC bu barədə “Hightech”ə istinadla xəbər verir.
Alimlər qeyd edirlər ki, buz, şirin və duzlu su, əsas və çöküntü süxurları elektromaqnit enerjisini müxtəlif cür keçirir.
Tədqiqatçılar bu fərqləri ölçərək “yeraltı” strukturların xəritəsini tərtib ediblər. Bundan əlavə, onlar əsas süxurları, çöküntüləri və buzu müqayisə etməkdən ötrü digər komandanın tədqiq etdiyi təbii seysmik dalğaların təkrar təhlilini aparıblar.
Təhlil göstərib ki, çöküntü süxurları buzun bünövrəsindən 1,5 kilometrdən 2 kilometrədək məsafədə uzanır. Alimlər qeyd edirlər ki, bu çöküntülər bütün məsafələrdə maye halda su ilə dolub. Özü də bu qrunt suları nə qədər dərində yerləşirsə, bir o qədər daha duzlu olur.
Tədqiqatçılar hesab edirlər ki, çöküntü süxurları dəniz suyunda çoxdan formalaşıb. Təqribən 5-7 min il bundan əvvəl, son güclü istiləşmə zamanı okean suları bu süxurları örtüb, duzlu suyun çöküntülərini qatılaşdırıb. Bu ərazini örtən buzun genişlənməsindən sonra yuxarıdan təzyiq nəticəsində əmələ gələn içməli qar suyu çöküntü süxurlarının yuxarı hissəsinə keçib.
Alimlər hesab edirlər ki, şirin suyun qrunt çöküntülərinə tədricən keçməsi buzlağı sürətlə ərimədən qoruyur. Buz axınının yerlə birləşən xəttində digər alimlər tərəfindən aparılmış ölçmələr göstərir ki, burada su bir qədər duzsuzdur. Bu, onu göstərir ki, şirin su çöküntülər vasitəsilə okeana axaraq, böyük miqdarda qar suyunun daxil olması üçün yer açır. Alimlər bununla da sistemin sabitliyinin qorunub saxlanıldığını qeyd edirlər.
Tədqiqatçıların ehtimalına görə, bu kəşf buzlaqların yaranmasını, iqlim dəyişməsinin Antarktidaya, eləcə də Antarktidanın iqlim dəyişməsinə təsirini daha yaxşı başa düşməyə imkan verəcək.