CƏMİYYƏT
Antisanitar şəraitdə fəaliyyət göstərən qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov şəhər tipli qəsəbəsi, Bünyadov küçəsi, ev 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məhəmməd Bağer Bağeriyə məxsus qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama aparılıb.
İlkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub və aşkar edilmiş nöqsanlara görə qanunvericiliyə uyğun olaraq müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.