CƏMİYYƏT
“Aprel döyüşlərinin timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda müzakirələr aparılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə İmişlidə “Aprel döyüşlərinin timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının yardımı ilə təşkil olunan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib, dövlət himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, aprel döyüşləri Azərbaycan ordusunun şanlı tarixində ən parlaq səhifələrdən birini təşkil edir. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında olması ilə barışmayacaq, torpaqlarını düşmən tapdağından azad edəcək. Aprel döyüşləri haqqında geniş məlumatlandırma işlərinin aparılması hər bir vətəndaşın borcudur.
Sonda görüş iştirakçılarına aprel döyüşləri haqqında videoçarx nümayiş etdirilib, məlumat xarakterli bukletlər paylanıb.