CƏMİYYƏT
Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində gənc fermerlərlə görüş keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də AMAL - Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində “AMALçılarla” görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə layihəyə qoşulmaq üçün müraciət edən 1000-ə yaxın gənc arasından təlimlərə qoşulmaq hüququ əldə edən 300 nəfər “AMALçı” iştirak edib.
Görüşdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü ilə bir neçə ay əvvəl start verilmiş layihəyə regionlarda çox böyük maraq göstərildiyini, qısa vaxt ərzində yüzlərlə gənc kənd təsərrüfatı sahəsində biznes yaratmaq arzusunda olduğunu bildirib. Onun dediyinə görə, layihənin coğrafiyası və fəaliyyət dairəsi çox genişdir və bu layihə aqrar sahədə idarəetmə modelinin dəyişməsinə də imkan yaradacaq. Nazir müavini gənclərin uğurlu biznes yaratması işinə hər cür dəstək göstəriləcəyini söyləyib.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev kənd təsərrüfatının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu və gənclər arasında bu sahəyə olan marağı yüksək qiymətləndirib, kənd yerlərində məşğulluğun artırılması və işsizliyin aradan qaldırılmasında mühüm rol oynayacağını qeyd edib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında bildirib ki, innovativ layihələrin həyata keçirilməsi üçün gələcəyin fermerlərinə güzəştli kreditlər veriləcək və onlara hər cür dəstək göstəriləcək.
Milli Məclisin deputatları Vahid Əhmədov və Zahid Oruc çıxış edərək gənclərin məşğulluq problemlərinin həllində layihənin əhəmiyyətindən, yeni qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında aqrar sahənin aparıcı yer tutduğundan bəhs edib və bu sahədə gənc “AMALçılara” uğurlar arzulayıblar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev layihənin məqsəd və perspektivləri barədə danışıb.
Kənd təsərrüfatı sahəsində uğurlu biznes yaratmış fermerlər gənclərə öz iş təcrübələrindən danışıb və tövsiyələr veriblər.