REGİONLAR
“Aqrolizinq”in kombaynları taxıl biçini mövsümündə ilkin mərhələdə sahəsi 50 hektaradək olan fermerlərə xidmət göstərəcək
Bakı, 17 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub.
Görüşdə iri taxılçılıq təsərrüfatlarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il taxıl biçini mövsümündən etibarən “Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə, ilk növbədə, 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək.
Aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub.
Vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüddətli, faizsiz kreditlə “Aqrolizinq” ASC-dən və ya özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.
Görüşün sonunda iri taxılçılıq təsərrüfatlarının təmsilçiləri ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları ətraflı cavablandırılıb.