REGİONLAR
Aran iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 1,3 milyon manat güzəştli kredit verilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Ucarda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 1,3 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər heyvandarlıq, süd emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bu gün verilən kreditlər də daxil olmaqla, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13880 sahibkara 573,7 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ucar rayonunda Aran iqtisadi rayonunda sahibkarların və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydaların tətbiqi ilə bağlı tədbir keçirilib.
Tədbir çərçivəsində Ucar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir süd emalı müəssisəsinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib ki, sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilib. Fondun vəsaitlərindən istifadə qaydası, eləcə də güzəştli kreditin verilməsi mexanizmi barədə məlumat verən Arif Vəliməmmədov diqqətə çatdırıb ki, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin maksimal həddi 1000000 manatadək artırılıb. Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.
Tədbir iştirakçılarına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun indiyədək olan fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, fondun fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7700-dən çox yeni iş yerlərinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində Ucarda güzəştli kreditlərdən istifadə etməklə yaradılan aqroparka baxış keçirilib. Aqroparkda birinci mərhələ üzrə 800 hektar buğda, 700 hektar arpa, 105 hektar pambıq, 100 hektar yonca, 90 hektar qarğıdalı, 70 hektar çəltik əkilib və 200 başlıq ferma yaradılıb. Aqroparka Macarıstandan 125 baş "Murrah" cinsindən olan camış gətirilib.
İkinci mərhələdə gündəlik 2 ton süd emal etmək gücündə olan müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu emal müəssisəsində ölkəmizdə ilk dəfə olaraq italyan pendir növü olan "Mozzarella" pendiri istehsal olunacaq.