REGİONLAR
Aran və Gəncə-Qazax iqtisadi rayonları üzrə keçirilən intellektual yarışların qalibləri müəyyənləşib
Mingəçevir, 21 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Aran və Gəncə-Qazax iqtisadi rayonları üzrə zona turnirləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aran iqtisadi rayonu üzrə zona turniri Ağdaş, Ucar, Yevlax, Göyçay, Zərdab, Mingəçevir şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir şəhərində, Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turniri isə Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir şəhərində təşkil olunub.
Hər iki iqtisadi rayon üzrə baş tutan zona turnirində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirak edib. Mirhəsən Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, dövlət proqramından, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb.
Dörd intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni tanı") əhatə edən layihədə Aran iqtisadi rayonu üzrə zona turnirində “Vətəni tanı” intellektual oyununda Yevlax, "Xəmsə" intellektual oyununda Ucar, “Axtar-tap”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir şəhərinin gəncləri qalib olublar.
Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turnirində isə "Xəmsə", “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Gəncə şəhərinin, “Axtar-tap” intellektual oyununda Tovuz rayonunun gənc intellektualları qalib gəliblər.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən intellektual oyunlarda əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.
Qeyd edilib ki, “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial və intellektinin qiymətləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Məhz həmin proqramın alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.