CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub
Bakı, 3 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 132 kubmetr olmaqla ongünlük normanın 80 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 54 kubmetr olmaqla, ongünlük normanın 78 faizini təşkil edir.
Fevralın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 8, Şirvanda 6 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470, Şirvanda 333, Salyanda 294, Bankədə 243, Araz çayının Novruzlu məntəqəsində isə 190 santimetr təşkil edir.