CƏMİYYƏT
Ərazi Məşğulluq Filialında keçirilən əmək yarmarkasında 112 iş yeri təqdim edilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Binəqədi, Nərimanov rayonları, həmçinin Şuşa və Xankəndi sakinləri üçün təşkil olunan aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 8 müəssisə tərəfindən 112 vakant iş yeri təqdim edilib. Vakansiyalar üzrə müraciət edənlər aidiyyəti üzrə yönləndirilib və seçdikləri vakansiyalar üzrə onların işlə təminatına başlanılıb.
Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumatlar verilir. Əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.