QAN YADDAŞI


Ərəb KİV-də iordaniyalı akademikin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Qahirə, 17 yanvar, AZƏRTAC

İordaniyalı akademik Mərvan Suda “Əl Ənbat”, “Şaab”, Cohina”, “Əl Hərir” və “Nəbd Əl Balad” mətbuat orqanlarında 20 Yanvar faciəsi haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Qorbaçovun faşist perestroykasının qanlı qırğını” sərlövhəli məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin dünya tarixinin ən dəhşətli səhifələrindən biri olduğu vurğulanıb. Müəllif qeyd edib ki, həmin qırğına qədər olan dövrdə ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin fəallaşması Bakıda insanların böyük etirazına səbəb olmuşdu. O vaxtlar mövcud olan Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistanın tərkibinə daxil olmasına dair İrəvanda parlament tərəfindən qəbul edilmiş qərar azərbaycanlıları ayağa qaldırmışdı. Bu mürəkkəb vəziyyətdə sovet rəhbərliyi Bakıda və Azərbaycanın digər şəhərlərində öncədən hazırladığı məkrli planı həyata keçirdi.

İordaniyalı akademik daha sonra yazır: “Sovet İttifaqında təhsil almış jurnalist kimi həmin vaxt baş verən hadisələri qələmə alırdım. Azərbaycan xalqının milli matəm günü kimi qeyd etdiyi 20 Yanvar faciəsi zamanı sovet rəhbərliyinin cinayətkar əməlləri haqqında gündəlik qəzetdə məqalələr yazırdım. Bakıda və digər şəhərlərdə dinc insanlara qarşı törədilmiş vəhşiliklər yaddaşımdan silinməyib. “Cəhənnəm keşikçiləri” adlandırdığım sovet liderlərinin öz azadlığı və torpaqları uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı təcavüzü insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yanaşı, ağır cinayət idi. Sovet əsgərləri o zaman üçün ən müasir silah və texnikadan istifadə edərək silahsız, məsum insanları, o cümlədən qadın və uşaqları qətlə yetirirdilər... Bu qətliamdan sonra azərbaycanlılar başa düşdülər ki, özünün ədalətli mübarizəsində onun müdrik və xalqına sədaqətli liderə ehtiyacı var. Bu lider isə qanlı Yanvar günlərində həyatını riskə ataraq Moskvada bu cinayəti pisləyən görkəmli siyasətçi və sərkərdə Heydər Əliyev idi”.

Məqalədə 20 Yanvar faciəsində həlak olmuş dinc sakinlər, dağıdılmış evlər, həyata keçirilən həbslər barədə də ətraflı məlumat verilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.