SİYASƏT
Ərəb KİV-ləri Ermənistanın Gəncəyə növbəti raket hücumu haqqında xəbər və reportajlar yayıb
Qahirə, 17 oktyabr, AZƏRTAC
Ərəb ölkələrinin nüfuzlu televiziya kanalları və nəşrləri Ermənistanın Gəncəyə daha bir raket zərbəsi və mülki insanları qətlə yetirməsi barədə reportaj və xəbərlər yayıb.
AZƏRTAC xəbər verir ki, “Aljazeera”, “Al-Arabia”, “Skynews Arabic”, “i24News Arabic” televiziya kanalları Ermənistanın ərazisindən Gəncəyə ballistik raketlərin atılması, 13 mülki insanın, o cümlədən iki uşağın həlak olması, 45 nəfərin yaralanması barədə reportajlar yayımlayıb.
Misirin “Aldiplomasy” nəşri Prezident İlham Əliyevin xalqa müraciətindən sitatlar dərc edib. Qeyd olunub ki, dövlət başçısı hər gün Azərbaycan Ordusunun yeni strateji məntəqələri, yüksəklikləri, yaşayış məntəqələrini işğalçılardan azad etdiyini, dinc əhalini hədəf alan Ermənistandan fərqli olaraq, Azərbaycanın öz qisasını döyüş meydanında aldığını vurğulayıb.
“Əl-Əhram”, “Alwasela” qəzetləri və “Egyptonline” informasiya portalında Gəncə şəhərinin raket hücumuna məruz qalması barədə xəbərlər yerləşdirilib. AZƏRTAC-a istinadla qeyd olunub ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsinin işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlaməti olmasını bildirib.
Səudiyyə Ərəbistanının “Sauidgazette”, “Arabnews” nəşrləri də Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raketlə vurulması, mülki insanların həlak olması barədə xəbərlər yayıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə