İDMAN


Argentina və Polşa yığmaları mundialın pley-off mərhələsində

Bakı, 1 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yüksələn daha iki milli komanda müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, C qrupunun üçüncü turu çərçivəsində Polşa və Argentina milliləri üz-üzə gəliblər. “Stadium 974”də oynanılan matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Argentina yığması 46-cı dəqiqədə istəyinə çatıb. Belə ki, Aleksis Makallister komandasını hesabda önə keçirib. Təzyiqi artıran Cənubi Amerika təmsilçisi 68-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edib. Bu dəfə Argentina millisinin heyətində Xulian Alvares fərqlənib və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Səudiyyə Ərəbistanı və Meksika komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Meksika millisi 2:1 hesabı ilə qalib gəlib. “Lusail” stadionunda oynanılan matçda Meksika yığmasının qollarını 48-ci dəqiqədə Enri Martin və 52-ci dəqiqədə Luis Çaves vurublar. Rəqib komandanın qoluna isə 95-ci dəqiqədə Salem Aldavsari imza atıb.

Argentina millisi 6 xalla qrup lideri kimi pley-off mərhələsinə yüksəlib. Polşa millisi isə 4 xalla ikinci pillədə qərarlaşıb və mərhələ adlayıb. Eyni xala malik Meksika üçüncü, hesabında 3 xal olan Səudiyyə Ərəbistanı isə sonuncu olub.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa və Avstraliya yığmaları da səkkizdəbir finala vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.