REGİONLAR


Arıçılara 910 min 460 manat subsidiya veriləcək

Bakı, 10 may, AZƏRTAC

Respublika Komissiyası 2018-ci ildə subsidiya ala bilməmiş arıçılara 910460 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyanın növbəti iclası keçirilib.

Kənd təsərrüfatı nazirinin müavini, Respublika Komissiyasının sədri İlham Quliyev bildirib ki, Nazirlər Kabinetinin “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın qəbul edilməsinin 2018-ci ilin sonuna təsadüf etməsi və həmin ilin əvvəlinə mövcud arı ailələrinin sayının statistik məlumatlardan xeyli artıq olması arıçıların bir qisminin 2018-ci ildə subsidiya ala bilməməsi ilə nəticələnib. Arıçıların çoxsaylı müraciətləri nəzərə alınaraq onların hüquqlarının təmin edilməsi məqsədilə 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydə alınmış, ancaq ilin başa çatması səbəbindən subsidiya almamış arıçıların müraciətlərinə baxılıb. Komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri Bədrəddin Həsrətov, Şahin Cəfərov, Qadir Mustafayev, Elvin Bayramov və Sabir Mustafayev də iştirak ediblər.

İclasda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 43 Dövlət Aqrar İnkişaf Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 3 nömrəli əlavəsindəki cədvələ uyğun tərtib edilmiş icmal siyahıları və digər tələb olunan sənədlərlə birlikdə Respublika Komissiyasına təqdim edib.

Müraciətləri daxil olmuş 43 Dövlət Aqrar İnkişaf Mərkəzinin təqdim etdiyi sənədlərə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçıları Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupunda baxılıb və bu sənədlərə əsasən arıçılara subsidiyanın verilməsi məqsədəuyğun hesab olunub.

Respublika Komissiyası 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydiyyata alınmış, ancaq arı ailələrinin identifikasiyasının təmin olunmaması və ilin başa çatması səbəbindən subsidiya almamış, 43 Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış rayon (şəhər) komissiyasının əhatə etdiyi 842 inzibati ərazi üzrə arıçılıqla məşğul olan 4507 fiziki və hüquqi şəxsə saxladıqları 91046 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat olmaqla, ümumilikdə, 910 min 460 manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib. Qərar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müraciətləri baxılmış Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.