İDMAN
“Arsenal”ın baş məşqçisi: Bakıda qazanılacaq əsas mükafat hər iki komanda üçün əhəmiyyətlidir
Bakı, 24 may, Nicat Məmmədov, AZƏRTAC
Titul qazanmaq çox çətindir. Biz UEFA Avropa Liqasında əla oyun nümayiş etdirdik və bundan həzz aldıq. Düzdür, “Napoli” və “Valensiya”ya qarşı oyunlar həqiqətən də çətin idi. “Çelsi” komandası da mükəmməl oyun və motivasiya nümayiş etdirdi. Fikrimcə, Bakıda qazanılacaq əsas mükafat hər iki komanda üçün əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Arsenal” klubunun baş məşqçisi Unai Emeri komandasının Londondakı məşqindən sonra UEFA-nın saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis komandanın heyətinə gənc futbolçuların cəlb olunduqlarını diqqətə çatdıraraq bildirib: “Biz bu oyuna çox ciddi hazırlaşırıq. Turnirə 30 futbolçu cəlb etmişik. Onların arasında gənclər də var. Gənclər böyük futbola alışmaq və liderlərlə oynamaq üçün əminlik hiss etməlidirlər. Bu turnir onlar üçün ciddi sınaq və böyük fürsət olacaq. Gənc futbolçular təcrübə qazanmaq üçün bizimlə birlikdə məşq edirlər”.
UEFA Avropa Liqasının final qarşılaşmasında azarkeş dəstəyinin önəmindən danışan mütəxəssis deyib: “Arsenal”ın çoxsaylı azarkeş ordusu var. Klubun Bakıda da çoxlu azarkeşinin olduğunu bilirəm. Londondakı azarkeşlərimizin də Bakıda bizimlə birlikdə olmasını arzu edərdim”.
Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda başlayacaq final qarşılaşmasında “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər.