REGİONLAR
Arx və kanallar təmizlənərək suötürücülük gücü artırılır
Göyçay, 3 sentyabr, AZƏRTAC
Göyçay rayonunda su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kürdşaban kənd inzibati ərazi dairəsində bu istiqamətdə xeyli iş görülüb. Belə ki, ərazidəki kollektor-drenaj şəbəkələrinin təmizlənməsi çərçivəsində 5 suvarma arxının 21 kilometr hissəsi lil və çöküntülərdən təmizlənib, arxların suötürmə qabiliyyəti yaxşılaşdırılıb. Rayon suvarma sistemləri idarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində suvarma arxlarında suyun ötürücülük gücü artıb, su itkisinin qarşısı alınıb. İnzibati ərazi dairəsində fəaliyyət göstərən fermerlər və fiziki şəxslər artıq qarşıdakı payız əkinlərinin, eləcə də həyətyanı sahələrin su təchizatında çətinliklərin olmayacağı qənaətindədirlər.
Hazırda rayonun digər inzibati ərazilərində də arx və kanalların təmizlənməsi istiqamətdə işlər davam etdirilir.