İQTİSADİYYAT
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin 6 ayında 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalayıb
Bakı, 20 iyul, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ilin altı ayı ərzində bir sıra tədbirlər həyata keçirilib.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Həmin təkliflər üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra 241 istehsalçı və satıcı ilə müqavilə imzalanıb.
Nəticədə, 2018-ci ilin 6 ayı ərzində bu istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük olunaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb.
Daxili bazarda bu müddət ərzində - 20348 kiloqram tərəvəz, 3248 kiloqram meyvə-giləmeyvə, 1636 kiloqram bostan, 4179 kiloqram dənli-paxlalı məhsullar satılıb.
Daxili bazar üçün kartof, soğan, bibər, badımcan, yerkökü, kələm, lobya, qarğıdalı, sarımsaq, alma, armud, alça, gavalı, gilas, çiyələk, qarpız, yemiş və s. kimi məhsullar istehsalçılardan tarlada tədarük edilərək Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də, Əhmədli, Masazır qəsəbələrində, ”Yaşıl bazar”da satışı həyata keçirilib.
Qeyd olunan müddət ərzində 3 000 ton, dəyəri 4 milyon manat olan kənd təsərrüfatı məhsulları ixrac edilib. İxracın strukturunda fındıq qabığı, alma, xurma, balqabaq, göyərti, kartof və pomidor məhsulları üstünlük təşkil edib. Məhsullar Rusiya bazarlarına ixrac olunub.
Hazırda Səhmdar Cəmiyyət tərəfindən tədarük-təchizat sisteminin genişləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.