İDMAN
Aşihara karate komandamızın bütün üzvlərinin Avrasiya çempionatında medal qazanmaları yüksək qiymətləndirilib VİDEO
Bakı, 28 mart, Leyla Qurbanova, AZƏRTAC
Aşihara karate üzrə milli komandamızın Antalyada keçirilən yeniyetmələr, gənclər və böyüklər arasında Avrasiya çempionatında qazandığı uğurlara həsr olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aşihara Karate Federasiyasının prezidenti, Əməkdar idman xadimi Maarif Bağırov karateçilərin Avrasiya çempionatında böyük nailiyyət qazandıqlarını deyib. O bildirib ki, 20 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda karateçilərimizin 11-i də medal qazanıb. Medalların 6-sı qızıldır. Komandamızın üzvləri Azərbaycan bayrağını dalğalandırmaq, himnini səsləndirmək üçün əsl peşəkarlıq nümayiş etdiriblər. Fərəhli haldır ki, Musa Musazadə çempionatın ən texnikalı idmançısı seçilib.
Mayda aşihara karate üzrə ölkə çempionatının keçiriləcəyini deyən M.Bağırov vurğulayıb ki, qarşıda duran əsas məqsəd komandanın 2020-ci ildəki dünya çempionatında uğurlu çıxışını təmin etməkdir.
Federasiyanın vitse-prezidenti Umud Mirzəyev bildirib ki, qazanılan qələbə aşihara karate yığmamızın yarışa ciddi hazırlaşmasının göstəricisidir. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan idmançıları güclü rəqiblərdir. Qazanılan uğur təkcə yarışda iştirak etmiş idmançıların deyil, xalqımızın nailiyyətidir. Sevinirik ki, ölkəmizdə güclü, sağlam gənc nəsil yetişir.
Federasiyanın vitse-prezidenti Vüsal Məmmədov komandanın üzvlərinin yarışda yüksək ustalıq nümayiş etdirdiklərini bildirib. Qeyd edib ki, komandanın bütün üzvlərinin medal qazanması hər yığmaya nəsib olmur. Yarışda iştirak edən komandalar Azərbaycan yığmasının üzvlərinin ustalığına heyran qalıblar. Onlar komandamızın üzvlərinə yaxınlaşaraq birgə təlim-məşq prosesi keçmək istədiklərini bildirirdilər. Bu, doğrudan da qürurverici hissdir. Komandanın ən kiçik üzvü - 7 yaşlı Məhəmməd Əsgərov (27 kq) özündən ağır çəkidəki rəqibinə qalib gələrək qızıl medal qazandı.
Məşqçi və idmançılar yarışdakı nəticələr barədə məlumat verib, uğurların davamlı olması üçün səylə çalışacaqlarını vurğulayıblar.
Sonra idmançılarımızın Avrasiya çempionatında iştirakından bəhs edən videoçarx nümayiş olunub.
Aşihara karateçilərimiz martın 20-dən 24-dək Antalyada keçirilən Avrasiya çempionatında 6 qızıl, 4 gümüş, 1 bürünc medal qazanıblar.