REGİONLAR
Aşıq Ələsgərin yaradıcılığının geniş tədqiqinin mühüm mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır
Naxçıvan, 28 aprel, AZƏRTAC
“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Aşıq Ələsgər - 200” mövzusunda nümunəvi dərs keçib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rektor dərsdə Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini vurğulayıb. Qeyd edib ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz ifadəsidir.
Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat yolu, zəngin irsi haqqında geniş məlumatın verildiyi dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər şagirdlər tərəfindən böyük maraqla qarşılanır.