QAN YADDAŞI
Əskişəhərdə “Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Əskişəhərdə “Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil edilən tədbirdə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Konfransda çıxış edənlər Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən vəhşiliklər, insanlığa sığmayan işgəncələr barədə məlumat veriblər. XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətindən, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalmasından, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin əsrlər boyu əzəli Azərbaycan torpaqlarına göz dikmələrindən danışıblar.
Çıxış edənlər beynəlxalq ictimaiyyətin və gənc nəslin bu cinayətlər haqqında məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə “Xocalı qətliamı” şeiri səsləndirilib, faciəni əks etdirən fotosərgi nümayiş olunub.