Aşqarlar Kimyası İnstitutunda 31 Mart soyqırımına həsr olunan anım tədbiri
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbir iştirakçıları soyqırımı qurbanları və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutun Həmkarlar Təşkilatının sədri Elxan İsakov bildirib ki, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. Soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb.
Azərbaycanlılara qarşı keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Erməni daşnakları Şamaxı qəzasının 53 kəndində, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər.
Anım tədbirində institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciə olması haqqında təqdimatla çıxış edib və hazırladığı videoçarxı nümayiş etdirib.


Xəbərin mətnində orfoqrafik səhv var