ELM VƏ TƏHSİL
Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərdə UNESCO dəyərlərini təşviq edən layihə reallaşdırılıb
Bakı, 4 yanvar, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Milli Komissiyanın maliyyə dəstəyi ilə “Assosiativ Məktəblər Şəbəkəsinə üzv Azərbaycan məktəblərində UNESCO dəyərlərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi və məktəb ASPnet əlaqələndiricilərinin potensialının gücləndirilməsi” layihəsini həyata keçirib.
Bu barədə AZƏRTAC-a institutun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov məlumat verib. Bildirib ki, layihə çərçivəsində Bakı şəhər 44 və 181 nömrəli, Sumqayıt 14 nömrəli, Gəncə 4 nömrəli və Mingəçevir 10 nömrəli tam orta məktəblərdə “Dünyanın ən böyük dərsinə giriş”, UNESCO-nun və onun Assosiativ məktəblər şəbəkəsi layihəsi (ASPnet) və ASPnet məktəblərinin ictimaiyyətlə əlaqələr, sosial şəbəkələrlə iş və təşviqat sahəsində bilik və bacarıqların artırılması mövzularında təlimlər və seminarlar keçirilib. Bakının 44 nömrəli tam orta məktəbində keçirilmiş təlim-seminarda paytaxtda yerləşən digər ASPnet məktəblərinin əlaqələndiriciləri də iştirak ediblər.
Layihə çərçivəsində UNESCO-nun Şəbəkəsinə üzv məktəblərə ASPnet üzvü olduğunu təsdiqləyən adlı lövhələr verilib və onların rəsmi açılışları olub.