İQTİSADİYYAT
Astara rayonunun 3 yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunub VİDEO
Bakı, 20 may, AZƏRTAC
Astara rayonunun 3 yaşayış məntəqəsi - Diqo, Dolu və Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.
AZƏRTAC-a bu barədə məlumatı “Azərişıq” ASC mətbuat xidmətinin rəisi Vaqif Mustafayev verib.
“Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq Sərəncam imzalamışdır. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müasir elektrik enerji sistemi qurulub”, deyə Vaqif Mustafayev bildirib.
Onun sözlərinə görə, kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün materialların böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb.