REGİONLAR
Astarada “Turizm işçiləri günü”nə həsr olunmuş sərgi açılıb
Astara, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü”nə həsr olunmuş sərgi təşkil olunub.
Rayonun mədəniyyət işçiləri və turizm sahəsində çalışanlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirib ki, Azərbaycanda “Turizm işçiləri günü”nun təsis edilməsi dövlətimizin başçısının turizmin inkişafına və bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürüdür.
Ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açan K.Səmədova bu sahənin dövlətimizin prioritet istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Sərgi üç gün davam edəcək.