CƏMİYYƏT
Astarada maarifləndirici görüş keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Yollarda hərəkətin təhlükəsizliyi, həmçinin uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları məktəblilərlə növbəti görüş keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Astara şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadə, veteranlar təşkilatının sədri Rafiq Əliyev, ağsaqqallar cəmiyyətinin sədri Camal İbrahimov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Məktəbin direktoru Arzu Əhmədova tədbirdə çıxış edərək belə maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi İlqar Rəhimzadə yol hərəkəti qaydaları haqqında biliklərin əyani şəkildə təbliği üçün əməli tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Son dövrdə respublikamızın hər yerində olduğu kimi, Astarada da yol hərəkəti qaydalarının təbliği sahəsində görülən işlərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Məktəblilərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub.
Sonda tədbir iştirakçılarının yol hərəkəti ilə bağlı sualları cavablandırılıb.