REGİONLAR
Astarada tarzən və şair Məmməd Ağasiyevin “101 qəzəl” kitabının təqdimatı olub
Astara, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Mərkəzi Kitabxanasında tanınmış tarzən və şair mərhum Məmməd Ağasiyevin “101 qəzəl” kitabının təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə tanınmış sənətkarın ömür yolundan bəhs edən videoçarxa baxıblar.
Mərasimdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov bildirib ki, 69 yaşında dünyasını dəyişmiş Məmməd Ağasiyevin rayonda mədəniyyət və incəsənətin inkişafında xidmətləri böyükdür.
Mahir tarzənin ötən əsrin 70-ci illərində rayon mədəniyyət evində bədii rəhbəri olduğu “Sevinc” ansamblı bu gün də fəaliyyətini uğurla davam etdirir. Şairin son nəşri-“101 qəzəl” kitabı özünəməxsus dəstxəti və orijinallığı ilə seçilir.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aqil Yaqub, Əməkdar mədəniyyət işçisi Cəbrayıl Əliyev, Əməkdar müəllim Heybət Hüseynov, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Zümrüd Ərçəyeva, sənətkarın dostları və tanışları kitabın bədii məziyyətindən, onunla bağlı xatirələrindən danışıblar.
Tədbir bir vaxtlar Məmməd Ağasiyevin rəhbərlik etdiyi “Sevinc“ ansamblının konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Məmməd Ağasiyevin 70 illiyi ötən il noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində qeyd olunub.