REGİONLAR
Astarada tələbə adını qazanmış gənclərlə görüş keçirilib
Astara, 16 avqust, Bağır Əliyev, AZƏRTAC
Bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı astaralı məzunlardan 6 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 16-da Astara Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbə-gənclərlə keçirilən görüşdə məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin məsul işçiləri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib.
Ölkəmizdə, o cümlədən Astara rayonunda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan Q.Ağayev bildirib ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıraları ildən-ilə artır.
Son illər Astara rayonunda 40-dan çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini vurğulayan icra hakimiyyətinin başçısı, bu il rayonun tam orta məktəblərini bitirən məzunlardan 260 nəfərinin tələbə adını qazanmasını böyük nailiyyət kimi dəyərləndirib.
O, bu işdə əməyi olan müəllimlərə minnətdarlıq edərək, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr verməyi arzulayıb.
Görüşdə Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun ölkəmizin ali məktəblərinə builki qəbul imtahanlarının nəticələri barədə məlumatı dinlənilib.
Qeyd olunub ki, 2018/2019-cu tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərində IX siniflər üzrə imtahanlara buraxılan 1202 şagirddən 1195 nəfəri, XI siniflər üzrə imtahanlara buraxılan 717 şagirdin hamısı imtahanlarda iştirak edərək təhsil haqqında attestat alıb.
Rayon üzrə ümumi orta təhsil səviyyəsi üzrə attestat alan şagirdlərdən 6, tam orta təhsil səviyyəsi üzrə attestat alan məzunlardan isə 1 nəfərinə fərqlənmə attestatı verilib.
Tədris ilinin rayonun ümumtəhsil məktəbləri üçün uğurlu olduğunu vurğulayan R.Həsənov 2 şagirdin Respublika Fənn olimpiadalarında medal qazandığını, 7 şagirdin fərqlənmə attestat aldığını diqqətə çatdırıb.
Çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Sonda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edilib.