REGİONLAR
Astaralı gənc rəssam beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb
Astara, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində MDB iştirakçı dövlətlərinin 18-30 yaşlı gənc rəssamları arasında keçirdiyi “Məndə sığar iki cahan...” adlı internet müsabiqəsində astaralı gənc rəssam Dəniz Baxşızadə yeni bir uğura imza atıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq müsabiqədə Astaranı üç gənc rəssam - Astara Dövlət Rəsm Qalereyasının dərnəklərinin yetirmələri Dəniz Baxşızadə, Aytac Zeynalova və Elçin Babayev təmsil ediblər.
Müsabiqədə astaralı gənc rəssam, Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi Dəniz Baxşızadə rəngkarlıq nominasiyası üzrə üçüncü yerə layiq görülüb.
Bakıdakı Xətai Sənət Mərkəzində qaliblərin mükafatlandırılması mərasimində Dəniz Baxşızadəyə sertifikat və 200 manat pul mükafatı təqdim olunub.