REGİONLAR
Astaranın sitrus meyvə bağlarında feyxoa yığımına başlanılıb
Astara, 12 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Astara rayonunun sitrus meyvə bağlarında feyxoa yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il yay mövsümündə havaların quraq keçməsi sitrus meyvə bağlarında məhsul istehsalına da təsir edib.
Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, məhsuldarlıq aşağıdır. Səbəb isə yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq havanın hökm sürməsi olub.
Bir kiloqramı 0,50-1 manata satılan feyxoanın qiyməti bu il 1,50-2 manata yüksəlib. Lakin, qiymətlərin qarşıdakı günlərdə düşəcəyi gözlənilir. Çünki bu il hələlik Rusiya bazarlarına feyxoa məhsulunun ixracı müşahidə olunmur. Bu səbəbdən də təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satmaq məcburiyyətindədirlər.
Feyxoa bağlarında məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək.
Qeyd edək ki, ötən il Astaranın 683,1 hektar feyxoa bağlarında 4466,4 ton məhsulu yığılıb.