CƏMİYYƏT
At ilində bizi nələr gözləyir? VİDEO
Bakı, 30 dekabr (AZƏRTAC). Artıq 2013-cü il yekunlaşmaq üzrədir. Astroloji hesablamalara görə, İlan ili öz yerini At ilinə verməyə hazırlaşır. Amma astroloqlar ilin təqvim üzrə - yanvar ayında deyil, martın ikinci yarısında dəyişəcəyini bildirirlər. Yəni, qarşıdakı üç ay ərzində də, İlan ilinin “qayda-qanun”ları hökm sürəcəkdir. Bəs, At ilində bizi nələr gözləyir?
Astroloq Firudin Qurbansoy üzümüzə gələn yeni 2014-cü ilin mənfi və müsbət tərəflərindən AZƏRTAC-a eksklüziv müsahibəsində bu və digər sualları cavablandırmışdır.
- 2014-cü ilin martın 20-də, Bakı vaxtı ilə saat 17:57 dəqiqədə Günəş Qoç bürcünə daxil olacaq və bununla da, Azərbaycanda da At ili başlayacaqdır. Yəni, il dəyişməsi olacaqdır, İlan ili öz yerini At ilinə təhvil verəcəkdir. Amma o vaxtadək İlan ilidir. Hələ bundan sonra üç ay da onun təsiri altında yaşayacağıq. 2014-cü il göy At ilidir. Buna görə göy rəng bu il ən çox istifadə olunan rənglər sırasında olacaqdır.
- At ili daha çox nələrlə yaddaşımızda qalacaqdır?
- Ümumiyyətlə, dünya çapında At ili əziyyətli illərdən biridir. Yəni bahalıqla müşayiət olunan illərdəndir. At ili sərbəstliyi xoşlayan, eyni zamanda, gözəllik vurğunu olan, bununla yanaşı, hisslərlə hərəkət edən, oturub-duran bir ildir. Bu ildə insanlar daha çox hissə üstünlük verəcəklər. Qarşılıqlı münasibətlərin həssaslığı ön planda olacaqdır.
- Qarşıdan gələn ili hansı illərə və bürclərə düşərli saymaq olar?
- Növbəti ildə daha çox su ünsürlü bürclər uğur qazanacaqdır. Onlar üçün uğur qazanmaq daha rahat olacaqdır. Ümumiyyətlə, gələn il su və torpaq ünsürlülər üçün rahat keçən illərdən sayılır. Amma bunu od ünsürlü bürclər haqqında demək olmur. Hava ünsürlülər isə qismən çətinliklə istədiklərinə nail olacaqlar. Ancaq əsas rahatlıq su ünsürlü bürclər üçündür.