İDMAN
“Australian Open-2019”: Lukas Pouile karyerası ərzində ilk dəfə yarımfinala vəsiqə qazanıb
Bakı, 23 yanvar, Nicat Məmmədov, AZƏRTAC
“Australian Open-2019” turnirinin kişilər arasında dörddəbir final mərhələsinin üçüncü oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, yanvarın 23-də ilk olaraq tennis kortuna Miloş Raoniç (Kanada) və Lukas Pouile (Fransa) çıxıblar. Qarşılaşma 24 yaşlı fransız tennisçi Lukas Pouilenin qələbəsi ilə başa çatıb (7:6, 6:3, 6:7, 6:4). Bu, tennisçinin karyerası ərzində ən böyük uğurudur. Onun ən yaxşı göstəricisi 2016-cı ilə təsadüf edir. O, həmin il “Böyük dəbilqə” seriyasının “Wimbledon” turnirində dörddəbir final mərhələsinə yüksələ bilmişdi.
Lukas Pouile yarımfinalda Novak Cokoviç (Serbiya) və Key Nişikori (Yaponiya) arasında bu gün keçirilən görüşün qalibi ilə qarşılaşacaq. Digər yarımfinal oyununda yunanıstanlı Stefanos Tsıtsipas və ispaniyalı Rafael Nadal üz-üzə gələcək. Yarımfinal mərhələsinin qarşılaşmaları yanvarın 25-də keçiriləcək.
“Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.
Turnirə yanvarın 27-da yekun vurulacaq.