İQTİSADİYYAT
Avrasiya İqtisadi Komissiyası elmi-tədqiqat fəaliyyətlərinə vergi güzəştləri tətbiq edəcək
Bakı, 16 fevral, AZƏRTAC
Avrasiya İqtisadi İttifaqının 2020-ci il üzrə makroiqtisadi vəziyyətə həsr edilmiş hesabatında iqtisadiyyatın qabaqlayıcı artım tempinə nail olmaq üçün Avrasiya İqtisadi Komissiyasına (AAİK) islahat aparmaq təklif olunduğu vurğulanıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, islahat təkliflərində elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin bütün vergilərdən azad edilməsinin, eləcə də tətbiq etdikləri innovasiyalara görə şirkətlərə vergi mükafatı formasında əlavə vəsaitlər ödənilməsinin zəruriliyi qeyd olunub. Bundan əlavə, AAİK proqressiv texnologiyalara yönəldilən investisiyaları 5 dəfə artıraraq onun payının ümumi daxili məhsulun 1 faizindən 5 faizinə çatdırılmasını tövsiyə edib.
Təklif müəlliflərinin proqnozlarına görə, innovasiyaların inkişafının prioritetləşdirilməsi ittifaq iqtisadiyyatına illik 4,5 faiz artım tempi gətirəcək.