İDMAN


“Avro-2020”: Ukrayna millisi Şimali Makedoniyanı məğlub edib

Bakı, 17 iyun, Nicat Məmmədov, AZƏRTAC

İyunun 17-də futbol üzrə Avropa çempionatının C qrupunun ikinci turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Buxarestdəki “Milli Arena”da keçirilən görüşdə Ukrayna seçməsi Şimali Makedoniya ilə qarşılaşıb. Görüş ukraynalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 29-cu dəqiqədə Andrey Yarmolenko açıb. Qoldan beş dəqiqə sonra Andrey Şevçenkonun yetirmələri yenidən fərqlənməyə nail olublar. Qapıçı ilə təkbətək qalan Roman Yaremçuk fürsəti əldən verməyərək hesab arasındakı fərqi artırıb – 2:0.

Matçın 39-cu dəqiqəsində Şimali Makedoniya millisinin təcrübəli hücumçusu Qoran Pandev fərqlənsə də, oyunun baş hakimi qolu qeydə almayıb.

Qarşılaşmanın ikinci hissəndə Şimali Makedoniya millisi qollardan birinin əvəzini çıxıb. Matçın 57-ci dəqiqəsində referi Ukrayna seçməsinin qapısında penalti zərbəsi təyin edib. Ezgjan Alioskinin vurduğu topu qapıçı qaytarsa da, futbolçunun təkrar zərbəsi qolla nəticələnib – 2:1.

Görüşün 83-cü dəqiqəsində hakim Şimali Makedoniya millisinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Ruslan Malinovski zərbəni dəqiq yerinə yetirə bilməyib.

Qalan dəqiqələrdə hər iki komanda təhlükəli vəziyyət yaratmağa çalışsa da, oyunda hesab dəyişməyib.

Qeyd edək ki, Ukrayna millisi birinci turda Niderlanda 2:3 hesabı ilə uduzub. Şimali makedoniyalılar isə ilk oyunda Avstriya seçməsinə məğlub olublar - 1:3. Bu qrupun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq digər görüşü Niderland və Avstriya yığmaları arasında oynanılacaq.

Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmada B qrupunun favoriti Belçika seçməsi Kopenhagendəki “Parken” stadionunda Danimarka ilə qarşılaşacaq. Həmin görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.