SİYASƏT
Avronest PA-nın büro iclası Cənubi Qafqazda yaranmış yeni reallıqlardan danışılıb

Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Avronest Parlament Assambleyasının (PA) videokonfrans formatında büro iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, büronun işinə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili moderatorluq ediblər.
İclasda gündəliyin təsdiqindən sonra büronun aprelin 19-da və iyunun 25-də keçirilmiş iclaslarının protokollarının təsdiqi məsələsinə baxılıb.
Sonra “Şərq tərəfdaşlığı” ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək ölkələrində gedən iqtisadi-siyasi proseslər, COVID-19 pandemiyası, peyvəndləmə ilə bağlı mövcud vəziyyət barədə məlumat verib, regional təhlükəsizlik və ərazi bütövlüyünün qorunması məsələlərinə toxunublar.
Onlayn iclasda iştirak edən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli çıxışında torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması nəticəsində regionda yaranmış nadir əməkdaşlıq imkanlarından danışıb. Bildirib ki, yeni reallıqlar Azərbaycan ilə Ermənistan arasında beynəlxalq hüquqa əsaslanan normal qarşılıqlı faydalı münasibətlərin qurulmasına, davamlı sülhün bərqərar edilməsinə münbit şərait yaradıb. Həmçinin bütün region ölkələri, o cümlədən Ermənistan üçün iqtisadi, ticarət, kommunikasiya əlaqələrinin inkişafına münbit şərait yaranıb. Azər Kərimli Zəngəzur dəhlizinin reallaşdırılmasından, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən də bəhs edib.
İclasda “Şərq tərəfdaşlığı” ölkələri arasında əlaqələrin inkişafı, bu ilin sonunda baş tutması gözlənilən “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq və digər məsələlərlə bağlı müzakirələr, Avronest PA-nın gələcəyi ilə bağlı məsləhətləşmələr aparılıb, müvafiq qərarlar qəbul edilib.