SİYASƏT
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentini ədalətli olmağa çağırıb
Bakı, 16 iyun, AZƏRTAC
Berlində fəaliyyət göstərən Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan diasporu adından bəyanatla çıxış edib. Avropa Parlamentinin bir sıra komitə sədrlərinə ünvanlanmış bəyanatda birinci Avropa Oyunlarının önəmi vurğulanıb, Azərbaycan diasporunun Avropanın siyasi dairələrinin və media qurumlarının qərəzli çıxışlarına qarşı kəskin etirazı bildirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a məlumat verilib.
Bəyanatda qeyd olunur ki, iyunun 12-də Bakıda çox önəmli bir hadisə baş verdi – “Bakı-2015” ilk Avropa Oyunlarının açılışı oldu. Bu tarixi hadisə dünya azərbaycanlıları, o cümlədən Avropada yaşayan azərbaycanlılar üçün qürurvericidir. Azərbaycan dilindən, dinindən, irqindən asılı olmayaraq bütün idmançılara qonaqpərvərlik göstərir.
Diqqətə çatdırılır ki, 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olduqdan sonra ikili standartlarla üzləşən Azərbaycan bu dəfə də ona qarşı aparılan ədalətsiz kampaniyanın, əks-təbliğatın şahidi oldu. Azərbaycanın iqtisadi inkişafı, müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir. Dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq azərbaycanlının pozulmuş hüquqlarının bərpasına, Azərbaycan vətəndaşlarının öz torpağında girov götürülməsinə, Xocalı soyqırımının acı nəticələrinə cəlb etmək əvəzinə bu dairələr qeyri-dəqiq məlumatlar əsasında qərəzli fikirlər səsləndirirlər. Bakıda keçirilən bu möhtəşəm idman tədbiri siyasiləşdirilməməli, əksinə bütün Avropanın uğuru kimi qiymətləndirilməlidir.
AAK Avropa Parlamentini ədalətli olmağa çağırır, Azərbaycana qarşı ermənilərin təsiri ilə formalaşmış qərəzli mövqedən əl çəkməyi tələb edir.